Azərbaycanlı diplomat erməniləri susdurdu - BAKU TV

Azərbaycanlı diplomat erməniləri susdurdu - BAKU TV Aktual xəbərlərimiz Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən iddiaları qətiyyətlə rədd edib. İclasda çıxış edən Yaşar Əliyev deyib ki, Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə qanunsuz erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınan suveren regionudur və bu, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha təsdiq edilib. Diplomat Laçın yolu ətrafındakı vəziyyətdən də danışıb. Qeyd edib ki, nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil. Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, bölgədə ekoloji terror törədib. Bu torpaqlarda işğala qədər müəyyən edilən 151 faydalı qazıntı yatağından 52-si ilk dəfə 1993-2020-ci illərdə istismar edilib. Yaşar Əliyev əlavə edib ki, Ermənistan iki ildən çoxdur üçtərəfli bəyanatın 4-cü bəndini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələri tamamilə çıxarmaqdan imtina edir və orada qanunsuz hərbi fəaliyyətləri davam etdirir. Həmçinin tərəflərin bütün hərbi əməliyyatlara son qoymağı öhdəsinə götürdüyü üçtərəfli bəyanatın 1-ci bəndini pozan Ermənistan nəinki Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina xəritələrini verməkdən imtina edir, hətta münaqişədən sonrakı dövrdə də ərazilərimizə yeni minalar basdırmaqda davam edir. Diplomat son olaraq Azərbaycanın regional sülhə, sabitliyə və inkişafa sadiq olduğunu, bununla bağlı mövqeyimizin beynəlxalq hüquqa və təcrübəyə əsaslandığını vurğulayıb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV
Back to Top